Ön yarpaq
Həyatı
Kitablar
Haqqında yazılanlar
Əsərləri
Şəkillər
Videolar
Arxiv
Qonaq dəftəri 
Əlaqə
   
   
18.3.2017

Əli Kərim: dəyərlər üçün yeni etalon

İyunun 30-u böyük şairimiz Əli Kərimin anım günü kimi yaddaşlara yazılıb.

1969-cu ildə - 38 yaşında dünyasını dəyişmiş şair, vəfatından yarım əsrə yaxın vaxt keçsə də, çağdaş ədəbi mühitin və prosesin canlı bir fərdi, fəal iştirakçısı kimi qəbul olunur. Bu mənada, Əli Kərimin ömrü qırılmayıb, o, özünün bir şeirində dediyi kimi, əbədi səfərdədir... Əli Kərim poeziyasının bilicisi sayılan dəyərli ədəbiyyatşünasımız, professor Cavanşir Yusifli ilə söhbətdə şairi bir daha ehtiramla xatırlayıb, onun Azərbaycan ədəbiyyatındakı yerinə, yaradıcılığının çağdaş söz sənəti müstəvisindəki mövqeyinə nəzər yetirməyə çalışdıq.

- Sizin baxış bucağınızdan Əli Kərim yaradıcılığının ənənəvi və yenilikçi cəhətlərini necə xarakterizə etmək olar?

- Biz “ənənə və yenilik” qovğasının həmişə “barış dövrü”nə təsadüf edirik, yəni proses gedir, başa çatır və yalnız bundan sonra biz onların əslində bir-birini istisna etmədiklərini təsdiq edirik, özü də çox mühüm keyfiyyət kimi! Amma soruşmaq lazımdır ki, bəs bundan qabaq nə baş verir, sizcə, əsas bunu bilmək deyilmi? Bu incə nüansları fəhm edə bilsək, bir qisim çox orijinal şairin mətnlərinə başqa gözlə baxa bilərik. Fərdi yaradıcılıq elə bir hadisədir ki, ona istənilən filoloji, ya başqa bir yanaşmada qaçılmaz səhvlərə yol verilir. Mən həmişə özümə bu sualı verirəm: niyə? Əli Kərim, şübhəsiz ki, keçən əsrin altmışıncı illərinin çox orijinal hadisəsi idi, ədəbiyyata gətirdiyi təzə nəfəs eyni zamanda “nəfəs kəsmək” üçün yox, nəfəs təzələmək üçün lazım idi, sonrakı proseslər də bunu göstərdi. Başda Rəsul Rza olmaqla bu nəslin bütün dünyada mədəniyyətin, ədəbiyyat və incəsənətin ayrı-ayrı sahələrinə gətirdikləri yeniliklərin məğzində fərqli bir keyfiyyət var idi. Və bu hadisə təkcə “yenilik”lə bitmir. Lotmanın fikrini xatırlayaq: üsuldan, yanaşma tərzindən irəli gələn bədii effekt həmişə münasibətdir (məsələn, mətnin oxucu intizarına, epoxanın norma və ənənələrinə, ilkin süjet və digər ştamplara münasibəti). Lotmanın fikrincə, bu münasibətlərsiz bədii effekt ümumiyyətlə təsəvvür edilmir və edilə də bilməz. İş burasındadır ki, Əli Kərim bu tipli şeirləri, daha doğrusu, bu tipli şeir intonasiyası ilə ona qədər misralar boyu “ləpələnə-ləpələnə” gələn romantik, coşqun pafosdan vaz keçdi, intonasiyanı adi, belə deyək, heç kəsin baxmaq istəmədiyi detalların üzərinə salmağa çalışdı. Ayrı-ayrı şeirlərinə diqqət edin: məkan görüntüləri, onların zamanla kəsişdikləri yerdə insanın tale və tarixinin qəribə, insana ağıl verən, hissini, ruhunu tərbiyələndirən, onu görmədiyi və əslində mövcud olmayan yerlərə aparması... poeziyada ilk və mühüm addımlar idi.

- Əli Kərim poeziyasının ümumən Azərbaycan ədəbiyyatındakı yeri və rolunu, eləcə də bugünkü ədəbi prosesdəki mövqeyini necə dəyərləndirərdiniz?

- Əli Kərim cəmi 38 il yaşadı. Bunu niyə dedim? Adətən ondan bəhs ediləndə deyirlər ki, yaşasaydı nələr edərdi. Üstündən neçə yüz il keçəcək, bu yaş - möhlət dəyişməyəcək, ancaq bu möhlət içində yazılanlardan nələr qalacaq? Məsələ budur. Əli Kərimdə bir ifadə var: “susmaq istedadı”. İndi, görürsünüz, hamı sükutdan, susmaqdan danışır, hətta adi münasibətlərdə qışqıran adamlar da... Son illər sükut sözünün daşını daş üstə qoymadılar bu malaçılar, bu daş (atmaq) ustaları. Bu suallar isə birbaşa siz deyən rola və yerə bağlıdır. Bir şair normal şəkildə ardıcıl olaraq araşdırılırsa, həm də bu işdə müxtəlif nəsillər iştirak edirsə, bunu şübhəsiz ki, onun yaradıcılığının doğurduğu suallar şərtləndirir. Dünyada bu tipli elə fiqurlar var ki, onlardan bəhs etmək yüksək filoloji səviyyə tələb edir, ortaya qoyduğu əsərlərdən irəli gələn mətləblərdən “sui-istifadə çərçivəsində” danışa bilməzsən. Vaxt gəldi, Əli Kərim bəlli dəyərlərin etalonuna çevrildi. Siyavuş Sərxanlının bir poeması vardı, ordan yadımda qalan misralara diqqət yetirin:

Gəl öpüm üzündən, saflıq heykəli,

Səndən Əli Kərim qoxusu gəlir.

Şair kimi Əli Kərim yaradıclığının xassəsi bir başqadır. Onun timsalında “ədəbi təsir” anlayışının sərhədləri bir xeyli genişlənir və başqalaşır. Sovet dövrü poeziyasını yaradanların ədəbi portretlərinə diqqət edin. Səməd Vurğunun təsiri qabarıq hiss edilirdi, yəni məğzində sirayət etmək, “od vurub yandırmaq” keyfiyyəti vardı. Sonra, içindən bir didaktika çayı axdığına baxmayaraq, Bəxtiyar Vahabzadənin təsiri də kifayət qədər geniş idi. Müxtəlif ideya və fikirlərə poetik libas geyindirmək, düşündürmək... Yəni elə şairlər var ki, əlbəəl təsir edir, yəni bir növ damara düşür, ancaq elələri də var ki, heç kəsi təsiri altında saxlamır, ötürür, ancaq zaman-zaman bütün prosesə təsir edir. Rəsul Rza belələrindən idi. Heç kəs Müşfiq kimi yazmırdı (daha doğrusu, yaza bilmirdi), ancaq onu oxuyub ani də olsa əl saxlayırdı. Əli Kərim ədəbi prosesə kənardan təsir edirdi.

- Mövzu və estetika, sənətkarlıq baxımından Əli Kərim poeziyası indi nə dərəcədə aktualdır?

- Bu ayrıca araşdırma mövzusu ola bilər. Əli Kərim mövzu məsələsində müəyyən “ştampları” dəyişdirdi. Bu müstəvidə onun yarada bildiyi fərq 60-cı illərin sonuna yaxın daha da intensivləşmişdi. Həmin dəyişikliyin izlərini görmək üçün onun mətnlərini (bütünlüklə-!) diqqətlə oxumaq lazımdır. “Xəyalla idarkı” bir yerə qatmaq istəyən şairin mətnləri indi şübhəsiz ki, düzgün oxunmur. Necə ki, biz klassikanı düzgün oxumuruq. Ən yüksəkliklə ən dərin arasında dolaşan şair xəyalı həmişə bizdən nələrisə gizlədir. Çünki

İdrakın zirvəsindən,

Hissin yanğınlarından

Keçir şeirinin yolu...

Amma biz ən yenilikçi şairi də bəzən onun ənənədəki opponenti kimi oxuyuruq, çünki şeir zövqümüz belə formalaşıb. Bu mənada hər şeir yalnız məqamında oxunur. Onun 1969-cu ildə yazdığı bir mətn var: “Yeraltı dünyada”. Dünya şeirindəki konseptuallığı bizim poeziyamıza ilk gətirənlərdən birincisi Əli Kərim olub. Bu mənada onun şeirimizin gələcəyinə təsiri göz qabağındadır. Həmin şeirdə yeraltı dünya ilə şeir mətni paralel şəkildə araşdırılır. Belə bir üsul “əsrləri axırından oxumağa” məcbur edir, irəli gedə-gedə geri çəkilirik... Yəni, “yeraltı dünya” təkcə metro deyil, heyrət deyil, həm də bədii mətnlərin bətnindəki informasiya və enerjinin araşdırılmasına cəhddir. Həmin ildən, həyatının son məqamından qopan bir kədərli şeiri də var: “Uşaq”. Bütün mətn boyu “xəyal” sözü işlədilmir, ancaq işləyir, çox dərinlərə. Mətnin başlanğıcı adi məntiqi çaşdıran misralar var, adətən əlini qaşının üstünə qoyub önə, uzaqlara baxarlar, şairsə geriyə, uşaqlığına baxır. “Uşaq” obrazı mətndə gah itir, gah görünür, sanki virtual bir məkanda heç kəsin görə bilmədiyi nəsnələrə tamaşa edirsən. Əli Kərimin mətnində “gözləri dolusu dünyaya tamaşa edən insan” obrazı var. Şeirdən şeirə adlayır, bəzən gözdən itsə də bunu daxilində, bütün varlığınla hiss edirsən; şeirin, bədii mətnin leksikası da buna uyğun seçilir. “Aut” şeirinə baxın:

Dərslər sona yetir

o dəqiqə

tökülür keçmişə mühazirələr...

Andrey Belıy yazırdı ki, yaradıcılıqda sənətkarın “həyat sirri” ehtiva olunur. Onun “Simvolizm” məqaləsində qeyd edilir ki, “görünmə (...görüntü) bu sirri göy qübbəsinin əlçatmaz ucalığına itələyir; orada, buludların üzərində “ağlla dərk edilməyən bir məmləkətin sərhədləri” açılır; bu, ona görə baş verir ki, həqiqi şeyin seyr edilməsi onu məndən kənarda mövcud olan təbiət obrazı kimi görükdürür, göy qübbəsi isə mənim təsəvvürümlə fəzadakı həqiqi “mən” arasında sərhəddir; səmanın sərhədindən o yanda qəlbimin yaşantılarını ötən musiqi səslənir: səma da məndən uçub gedib, orada qəlbimin torpağı yaranıb, bu torpaq isə mənim görünən obrazımdır. Görünən təbiət mənim yuxumdur; bu, buludların mavi səmada qaçışıdır...”

- Müəyyən ölçülərlə yanaşdıqda Əli Kərim Məktəbi ifadəsini işlətmək mümkündürmü, sizcə?

- İndi “məktəb” sözü çox moddadır, ona görə yeri gəldi-gəlmədi işlədilir, bu da təbiidir, çünki bu sözü dövriyyəyə salmaqla müəyyən səviyyəni aktuallaşdırırlar, amma hər aktuallaşan şey gerçəkləşmir. Bu səbəbdən prosesdən çox şəxsiyyətlərdən danışılır. Ona görə indi həqiqi imzaları bir az “gizlətmək” lazımdır.

- Əli Kərimi həm yaradıcılığının keyfiyyətinə, həm də özündən sonraya təsirinə görə dünya poeziyasından kimlərlə müqayisə edərdiniz?

- Əli Kərimin üslubu yetərincə öyrənilməyib. Bənzəmək kontekstində kimlərinsə adlarını çəkmək olar, müəyyən qeyd-şərtlə. Məsələn, Sipehri. Fransızlarda Gilevik və sair. Ancaq bu faktlar, həm də onların müxtəlif kombinasiyaları bizə heç nə vermir. Ən yaxşı şeirlərində nə var? - bunu demək və bəlləmək o qədər də asan deyil. Ona görə yox ki, onun təqdim etdiyi mətndə informasiyanın tipi quruluşca mürəkkəbdir, dərhal izaha yatmır, yaxud bir neçə mənbədən gəlməklə, dərhal qiymətləndirmə işini çətinləşdirir. Ona görə ki, bu bədii aləm həm son dərəcə ənənə ilə bağlı, həm də ənənəni çarpaz kəsən işarələrdən hörülmüşdür. Ənənə və ənənəni çarpaz kəsən işarələr Əli Kərim yaradıcılığında xüsusi tənasübdədir, onların bir-birinə nisbəti sözü deməyin, sözün içindəki təlatüm və sükutu göstərməyin əlahiddə mövcudluq formasıdır, yəni, Əli Kərim şeirində obraz, metafora ənənəvi libasını dəyişir, həyatdan, gerçəklikdən, gerçəklik haqqında sözdən yüksək mövqeyə yüksəlir, məhz bu poeziyada, poetik sistemdə “Azərbaycan ədəbiyyatı” adlanan mətn öz-özü ilə mübahisə etməyə başlayır, poetik mətləbi göstərməyin, ifadə etməyin mürəkkəb, eyni zamanda, indiyə kimi işlənməmiş üsulları sınanır - yeni ifadələr və obrazlar, sadəcə görüntü, göy qurşağı deyil, bunlar böyük və mürəkkəb bir metaforanın komponentləridir. Bu komponentlərin gücünə bütün ənənə - indiyə kimi deyilən mətləblər bir nöqtəyə, bir iynənin ucuna cəm olur - hər şey bu nöqtənin içində yenidən mənalanır. Dünya poeziyasında bu tipli hadisə adətən istənilən milli ədəbiyyatda poetik ənənənin yüz illər boyu bir arealda konsentrasiyası zamanı baş verir, yığılma, toplanma, poetik informasiyanın iç-içə, lay-lay toplanması bədii mətni mahiyyətcə gerçəklikdən ayırır, onların - bu iki səviyyənin arasında qəribə bir nüfuzetmə olayı yaranır.

- Sizcə, ədəbiyyatşünaslığımızda Əli Kərim poeziyasının öyrənilməsi layiqincə geniş və dərindirmi? Bu mənada, Əli Kərimi dünyaya yetərincə təqdim edə bilmişikmi? Nələri tövsiyə edərdiz bu məqsədlə?

- Əli Kərim haqqında müəyyən işlər yazılıb. İlk uğurlu iş kimi mərhum Arif Abdullazadənin monoqrafiyasını xatırlamaq olar: “Şairlər və yollar”. Akademik Tofiq Hacıyevin Əli Kərim poeziyası haqqında mükəmməl yazıları var. Bizim iki kitabımız çıxıb: “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi” və “Fərdi üslubdan ədəbiyyat tarixinə baxış”. XX əsrin əvvəllərindən ta altmışıncı illərin sonuna, elə günümüzə qədərki prosesi layiqincə, geniş və dərin öyrənmək lazımdır. Zənnimizcə, bir millətin ədəbiyyat tarixində hansısa dövr xüsusi olaraq “fərqlənirsə” (60-cı illər kimi-!) demək, geri qayıdıb ədəbiyyat tarixini, onun müxtəlif dövrlərində mədəniyyətin əlahiddə kateqoriyalarını diqqətlə, bir daha nəzərdən keçirməlisən. Hamıdan çox fərqlənən poetik imzaları araşdıranda qəribə hadisələrlə üzləşməli olursan. Dediyimiz kimi, geri qayıdıb bədii tarixi vərəqlədikdə həmin o kəskin fərqliliyin ayaq izlərini (yerə düşən su damcıları kimi-!) görürsən. Sən demə, bu, bizim unutduğumuz keçmişdir.

Şahanə MÜŞFİQ

525.az

 
© Copyright 2013 Eli-Kerim.net | Bütün hüquqlar qorunur