4 iyul 2013
Şeirimizdə Əli Kərim həqiqətləri (Bu böyük şairin vəfatından 44 il keçir)
Altmışıncı illərin sonuydu. ADU-nun filologiya fakültəsində oxuyurdum. Kənddən gəldiyim üçün şəhər həyatına çox çətin uyuşurdum. Yataqxana - Universitet - Axundov kitabxanası və yenə Yataqxana. Şəhərdə bir kimsəm yox. Ancaq Axundov kitabxanası mənə yataqxanadan daha doğma idi. Bəzən elə olurdu ki, günümün çox hissəsi oxu zalında keçirdi. Qarşımda müxtəlif seminarlara hazırlaşmaq üçün lazım olan dərsliklər. Yorulanda isə şer kitabları sifariş verirdim. Hələlik Azərbaycan şairlərini oxuyurdum. Günlərin birində o kitabxananın daimi «üzvü» olan Vaqif Cəbrayılzadə ilə tanış oldum, dostlaşmağa başladıq. O, elə onda da çox sərbəst və daxilən azad bir insan idi. Söhbətlərimizin birində Əli Kərimin adını çəkdi, onun ən müasir şair olduğunu söylədi və mənim - filologiya fakültəsi tələbəsinin Əli Kərimdən xəbərsiz olduğuna hədsiz dərəcədə təəccübləndi. Və mən Əli Kərimi oxumağa başladım. Oxumağa nəyi vardı? «Həmişə səfərdə» və «Qızıl qanad» adında iki şer kitabı. Onunla ədəbiyyata bir gələnlərin kitabları Əlininkindən çox idi, onların bəziləri hətta «populyarlıq dövrünə» qədəm basmışdı.
Əli Kərimi oxudum və sevdim. O, mənim poeziyaya ilk sevgim oldu. Elə həmin illərdə «Ədəbiyyat və incəsənət» qəzetinin ötən illərki (1963-1964) səhifələrində Əli Kərimlə, onun poeziyası ilə bağlı qərəzli fikirlərlə qarşılaşdım. Hiss edirdim ki, bu cür fikirlər anlaşılmazlıqdan yox, anlamamaqdan doğur. Nə yaxşı ki, ustad şair Rəsul Rza var idi və Rəsul Rza bütün ciddiyyəti ilə Əli Kərimin yenilikçi poeziyasını müdafiə edirdi. Əli Kərim yazırdı ki:
Otuzdan çox yaşamışam..
… Sevgi toranında.
Mühazirə salonunda.
Sevgimlə bir-birimizə deyəcəyimiz
İki söz arasında.
Xəstə olarkən
Həkimin mənə etdiyi çarəsində.
Bəzən baş tutmayan şerimin
Dağılmış divarlarının xarabasında,
Bəzən söz yarışında
Bəzən ölüm sözünün polyar qışında.
Bax, belə bir poetik düşüncə tərzi 60-cı illərin poeziyasında novatorluq hadisəsi idi, amma Əli Kərim tipli şairləri «anlamamaq dərdi» var idi.
Əli Kərimin novatorluğu nədə idi? Mən bu məqamda böyük tənqidçi Belinskinin bir fikrinə üz tutmaq istəyirəm. O yazırdı ki, söz öz-özlüyündə boş səsdir: o ancaq fikir ifadə etmək üçündür. Fikir isə öz-özlüyündə ağıllı və gözəl bir şerin kölgəsindən başqa bir şey deyildir. O, gerçəkliyin yalnız ideal mahiyyəti olmaq etibariylə əhəmiyyətlidir. Praktiki tətbiq ölçüsünə gəlməyən hər bir şey yalan və boşdur. Vaqtf adamların dilində köhnə həqiqətlər belə sanki ilk dəfə söylənilir, müəllimlik iddiası edən adamların dilində isə bəzən yeni fikirlər təsir buraxmadan itib-batır, sanki bunlar adi söylənmiş şeylərmiş.
Bax, Əli Kərim bu mənada 60-cı illərdə Azərbaycan sözü üçün xüsusi poetik mühit yaratdı, onların çoxunu çeynənməkdən, sürtülməkdən xilas etdi, bədii təfəkkürü yeniləşdirdi.
Mən bəzi sensasiya axtaran müəlliflərə demək istəyirəm ki, bəli, Əli Kərim kimi çox istedadlı bir şair də sizin «qəzəbinizə» tuş gələ bilər, çünki o da Leninə şer həsr etmişdir, sovet dövrü həqiqətlərini əks etdirən bəzi şerlərinin də adını çəkə bilərəm. Ancaq bu «fraqmental» hadisənin Əli Kərim poeziyasına heç bir dəxli yoxdur. O, bəzi mövzunun, «həyat həqiqətinin» yox, sözün aşiqi idi. Onun istənilən şerində Əli Kərim kəşfini, söz ustalığını görmək üçün gərək özün də daxilən Əli Kərim havasına köklənəsən.
Üfüqlərə başını
Qoyub uzanmış dəniz...
Mən,
Baxıb göyərtədən
Görürəm ki,
Tullayır biri yemiş qıçası,
Biri kağız parçası,
O biri, nə bilim, nə-
Dənimzin saf qəlbinə.
Dəniz coşub-daşmayır;
Suları çaxnaşmayır.
Sakit əzəmətiylə,
Gücüylə,
Qüdrətiylə
Ona atılanları
Saflığına qərq edir.
Fikir verib görürəm:
Dəniz yenə təmizdir.
Dəniz yenə dənizdir.
Əli Kərim poeziyası da beləcə saf və duru idi. Ona atılan daşları, tənə və yersiz iradları təmizliyində qərq edirdi.
Əli Kərim poeziyası mənim üçün həmişə təzədir, çünki nə öz zamanının, nə də sonrakı illərin tozu o poeziyanın heç bir sətrinə qona bilmədi. Bax, indi bu sətirləri yazanda, Əli Kərim haqqında, ona sevgim barədə düşüncələrimi qələmə alanda həmin həqiqəti xatırladım - zaman çox şairi sındırdı, amma Əli Kərimə toxuna bilmədi.
Ustad Rəsul Rza Əli Kərim haqqında yazmışdı: «Şair var ki, yüksəliş pillələrini dayana-dayana, tövşüyə-tövşüyə, yazdığını təkrarlaya-təkrarlaya qalxır. Şair də var ki, öz-özü ilə yarışdadır, hər əsərində bir pillə qalxır, özünü, özgəni təkrarlamaq faciəsindən uzaq olur. Əli Kərim ikincilərdəndi.
O deyə bildiklərinin, demək istədiklərinin az, çox az bir hissəsini dedi. Bu az hissə də şair Əlinin çox böyük poetik imkanlarını aydın göstərir.»
Bu gün, şerimizin bütün guşələrinə - qoşmalı, qəzəlli, sərbəstli, postmodern ruhlu növbənöv formalarına müraciət edəndə məhz Əli Kərimin yeri açıq-aydın görünür. Hansı bir gözəl şerdəsə nəsə çatışmır, yaxud başqa bir şerdə fikir təzədir, amma poetik ifadəsi zəifdir - bax, o məqamda fikirləşirsən ki, Əli Kərim bunu yaxşı bacarardı.
Gözəl dilçi, professor Tofiq Hacıyev yazır ki, Əli Kərimin işlədiyi mövzuların bir qismi yalnız onun özünə məxsusdur. Yəni demək istəyir ki, o, hansı mövzuda yazırdısa, o mövzunu «özününkü» edə bilirdi. Məsələn, Əli Kərim böyük sevginin - bir ünvanlı, yalnız bir ürəyə məxsus sevginin bənzərsiz hisslər tablosunu yaradır.
Gecə də, gündüz də fikrimdə sənsən,
Mən kimin fikrində yaşayım, söylə?
De, hansı bir ürək qəbul eləyər
Məni sən ünvanlı, dərdlə, gileylə.
Hansı bir ürəyə yan alsam əgər,
Dərdimin adından biləcək yadam.
Yaxud tənhalığa təşnəliyi, tənhalığın boşluq olmadığını Əli Kərim şerdə belə mənalandırırdı:
Tənhalıq boşluq deyil-
Səni gözləyən varsa;
Doludur ümid günəşiylə,
Həsrət ayparasıyla…
Kövrək qəmin alatoranıyla…
Doludur Braziliya stadionu kimi
Şıltaq nazla,
Dəli ümidsizliklə,
Canna d.Ark kimi qəhrəman ümidlə.
Gözləyənin yoxdursa,-
Tənhalığın da yoxdur.
Harda dünya başlayır,
Hamısını sən
Bilmirsən.
Harda dünyayla birləşirsən,
Onu da bilmirsən.
Yaşayırsınız -
Bir-birinə bir ümid şüası
Verməyən
Pis qonşular kimi.
Tənhalıq istəyirəm -
Böyük, dərin,
Dolu tənhalıq.
Mən dahi Füzulini çox sevirəm və onun poeziyasının əsiriyəm. Neçə illərdir cəhd edirəm ki, onun poeziyasına olan bu böyük sevgimi bir yazıda ifadə edim, bacarmıram. Füzulinin sözüdür: «Heyrət ey büt, surətin gördükdə lal eylər məni». Eyni hissi mən Əli Kərim poeziyası qarşısında da keçirirəm. Bunlar –Ə.Kərim haqqında bu sözlərim dediklərimdi, deyə bilmədiklərim deyil. Əli Kərim poeziyası da Füzuli poeziyası kimi möcüzələrlə doludur. Füzuli onun ən böyük ustadıdır və dahi şairə həsr etdiyi şeirində yazır ki: «Dünya səni qocaltdı, yaşıdın olsun deyə».
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!
Qayıt, yerinə qoy Ayı, Günəşi-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!
Şəxsən mən Əli Kərimin «Qayıt» şeirini bütün zamanlar üçün ən gözəl sevgi şeirlərindən biri hesab edirəm. İnsan istəyini, sevgisinin müqəddəsliyini bu qədər poetik, bu qədər ustalıqla vermək poetik hünər deyilmi?
Babəkin qəhrəmanlığı haqqında onlarla, yüzlərlə şeirlər yazılıb, amma bu babəknamələrin içində Əli Kərimin o möhtəşəm şeiri ayrıca yer tutur:
Qolu sındırılmış Babək,
Yurdu yandırılmış Babək,
Qan rəngli bir arabada,
Şərq boyda bir xarabada,
Söyülə-söyülə,
Döyülə-döyülə,
Hamıya görk olsun deyə,
Kənd-kənd gəzdirilən Babək.
Ölübən-dirilən Babək.
Qollarını görməyəndə
Azca rahat olan Babək.
Bir qırmızı yuxu içrə,
Uzaqlara dalan Babək.
Deyən Babək:-Aman dostlar,
Hücum çəkin qoşun-qoşun.
Orda mənsiz qılınc çalan
Qollarımla bir vuruşun.
Əli Kərim poeziyasından onlarla belə misallar gətirə bilərəm.
Əli Kərimdən söz açan tədqiqatçıların əksəriyyəti onu assosiativ poetik təfəkkürə malik şair kimi səciyyələndirirlər. Nə deməkdir şerdə assosiativ məna? Fikrimizcə, assosiasiya şerdə müxtəlif əşya və predmet arasında sanki gözə görünməyən əlaqə və bağlılıqları aşkara çıxarmaq üçün bir yoldur. Burada bədii təsvir vasitələri - təşbehlər, istiarələr, metaforalar qəfil və gözlənilməz mahiyyəti ilə seçilir. Obrazlılıq, sözün poetik incəliyi assosiativ şerdə ən önəmli xüsusiyyətdir. Əli Kərimin 60-cı illərdə yazdığı əksər şerlərdə assosiativ təfəkkür daha güclüdür. Uzun-uzadı misallar gətirməkdən sərf-nəzər edib yalnız Nəsimiyə həsr olunmuş «Şəhidliyin zirvəsi» şeri üzərində dayanaq.
Altı yüz ildir idrak
Çırpınır pələng kimi,
Nərə çəkir,
Ağlayır.
Tapa bilmir ki,
Bilmir -
O bir sirr-xudanı.
Sirr-xuda Tanrıdır, gözəgörünməz İlahidir. Bunu həm adi mənada, həm də daha geniş mənada anladıqda insan idrakının sirr-xudaya, «yoxdan bu cahanı var edən pərvərdigara» (Xətai) - onun möcüzələrinə, sirlərinə gücü yetmədiyi, izah edə bilmədiyi anlamı yaradır. Yəni Allah insanı xəlq edir, yalnız hər insanın özü də bir sirdir, möcüzədir. Yaradılan onu Yaradana Sirr-Xudaya oxşadır. Necə ola bilər ki:
Təpədən dırnağadək
Soyalar bir adamı;
Necə ola dinməsin,
Böyük əqidəsindən
Bir misralıq enməsin.
Gözündən bir nöqtə yaş
Sinəsinə düşməsin.
Qaşları çatılmasın
Bir xırda vergül qədər.
Diri-diri soyulsun,
Əqidədən keçməsin.
Altı yüz ildir bəşər
Ağrılardan inildər.
Altı yüz ildir bəşər
Düşünər.
Çatmaz yenə
Məşəqqətli ölümün
Nəsimi zirvəsinə.
Əli Kərim şerinin obrazlılığını təmin edən ümdə cəhətlərdən biri də tədqtqatçıların qeyd etdiyi kimi bənzərsiz, təkrarsız, poetik obrazlar yaratmasıdır. Burada şairin az sözlərlə konkret bir lövhə yaratması, şerdə rəssamlıq işini uğurla başa çatdırmasıdır.
Külək qarı püskürür,
Yerdən göyə yağır qar.
Qışın öpüşü kimi,
Şaxta yapışır üzə.
Bu mənzərəni təsəvvür edin. Əsl rəssam fırçasından çıxıb elə bil.
Əli Kərim şeri Əli Kərimin ölümündən sonra özünə yaşarılıq, Azərbaycan poeziyasının mənzərəsində daha artıq görünmək və seçilmək imkanı əldə etdi. Əsl şerin, poetik nümunənin yaşarılığını, Füzuli demişkən, «tabü-təravətini» saxlayan, hifz edən də məhz onun müasirliyidir. Yəni şer hansı dövrdə yazıldığından asılı olmayaraq bütün dövrlərdə öz bədii-estetik mükəmməlliyini qoruyub saxlamalıdır. Zaman, dövr, mühit dəyişə bilər, cəmiyyətdə yeni mənəvi, sosial münasibətlər törənə bilər, amma şer öz varlığını qorumalıdır.
Elə bilirəm ki, Əli Kərim bu günlərdə yaşasaydı, şerimizin axarı, istiqaməti çox-çox yad səmtlərə, küləklərə tuş gəlməzdi. Şer bu qədər ucuzlaşmaz, hər yetənin əlində xırdalanmazdı. Heyf…
Vaqif Yusifli |