ƏLİ KƏRİM POEZİYASINDA MƏNƏVİ SAFLIQ VƏ
ƏXLAQİ BÜTÖVLÜK PROBLEMİ
• Giriş
Çağdaş Azərbaycan poeziyasının qüdrətli yaradıcıları sırasında yer alan Əli Kərim özünəməxsus poetik istedadı, bənzərsiz düşüncə və yazı tərzi, bədii təfəkkür dərinliyi ilə seçilən qələm sahiblərindən biridir. Onun zəngin, janr müxtəlifliyi baxımından rəngarəng yaradıcılığı ilk gündən geniş oxucu kütlələrini diqqət və marağını çəkmişdir. Lakin oxucuların bunca sevgisinə baxmayaraq, ədəbi tənqid xeyli müddət şairin əsərlərini tədqiqata cəlb etməmiş, dolayısı ilə bu istedada qarşı biganəlik göstərmişdir. Məhz bunun nəticəsində ötən əsrin altmışıncı illərində ədəbiyyata gələn Əli Kərim fenomeni təxminən on ildən sonra – yetmişinci illərdə ədəbi tənqid tərəfindən etiraf olunmuşdur.
Əli Kərim ilk yazılarından başlayaraq, "...dövrünün poetik tərcümanı kimi çıxış edir, şeirlərində sosial tematikaya üstünlük verməyə çalışırdı. Belə perspektivli sənət başlanğıcının nəticəsidir ki, Əli Kərim sonradan da həmişə aktual mövzu və məsəllərlə yaşamış, yaradıcılığını həyatın çağırışına uyğun davam və inkişaf etdirmişdir" (1, s. 7-8).
Əli Kərim Azərbaycan ədəbiyyatı tarixində daha çıx şair kimi tanınmaqdadır. Onun şeir və poemaları istər mövzu-problem, istərsə də forma-sənətkarlıq baxımından bədii orijinallıq kəsb etməkdədir. Bu şeir və poemalarda yüksək sənətkarlıqla qaldırılan sosial və mənəvi-əxlaqi məsələlər çağdaş dövrümüz üçün də təzəliyini və aktuallığını qoruyub saxlamaqdadır.
Orijinal poetik örnəklərlə yanaşı, ciddi sosial problemlərə söykənən bir sıra nəsr əsərlərinin müəllifi olan Əli Kərim yazıçı kimi də bədii uğurlara imza atmışdır. Onun "Pillələr" romanı, "Bərbər", "Qızın gündəliyi", "Kayutda iki adam", "Pələng", "Yarımçıq gündəlik", "Qəhqəhə" və başqa hekayələri ənənəvi nəsr nümunələrindən xeyli dərəcədə fərqlənir. Bu fərqliliyi şərtləndirən əsas amil bəhs olunan nəsr əsərlərin müəllifin poetik axtarış¬larının davamı kimi təzahür etməsidir. Bəlkə bu səbəbdəndir ki, Əli Kərimin nəsr əsərləri bir növ şeir təsiri bağışlayır, oxucuda daha çox poetik ovqat yaradır.
Əli Kərimin dram əsərləri poeziyası və nəsri ilə müqayisədə o qədər zəngin və görümlü olmasa da, ideya-məzmun baxımından seçilir və onun yaradıcılıq axtarışlarının hüdudlarını genişləndirir.
Ədib həmçinin Azərbaycanın bir çox şair və yazıçıları kimi, sənətin nəzəri-estetik məsələləri ilə də məşğul olmuş, bu gün də elmi dəyərini qoruyub saxlayan ədəbi-tənqidi məqalələr yazmışdır.
Aradan keçən bu illər ərzində onun haqqında xeyli araşdırma yazılmasına baxmayaraq şairin yaradıcılıq dünyasının gizlinləri indiyədək bütün yönləri ilə açılmamışdır. Oxucuların mühakiməsinə verilən bu tədqiqat da məhz həmin zərurətdən yaranmışdır.
Əli Kərimin poeziyası mövzu, məzmun və problem baxımından olduqca zəngin və çox şaxəlidir. Şair yaşadığı cəmiyyəti düşündürən və narahat edən ən müxtəlif məsələlərə bu və ya digər şəkildə münasibət bildirmiş, onları şeirin bədii obyektinə çevirməyə bacarmışdır. Lakin müəllifin yaradıcılığında mənəvi saflıq və əxlaqi bütövlük məsələsi başlıca problem kimi özünü büruzə verməkdədir.
Onu da qeyd edək ki, şairin əsərlərində mənəvi saflıq və əxlaqi bütövlük probleminin bədii təcəssümü müxtəlif səpkidə gerçəkləşir. Hər şeydən əvvəl, müəllif tarixi şəxsiyyət və mənəvi-əxlaqi dəyərlər kontekstində bəhs olunan problemin bədii inikasını vermişdir.
Digər tərəfdən Əli Kərim humanizm və milli-mənəvi yaddaş müstəvisində əxlaqi saflıq və bütövlük məsələsini canlandırmışdır. Şair həmçinin məhəbbət mövzusunda yazdığı əsərlərdə insanın mənəvi dünyasının ən gizli qatlarına enməyi bacarmış, sevgi münasibətlərində əxlaqi dəyərin hər şeydən qiymətli olduğunu vurğulamışdır.
• Ədəbi və tarixi şəxsiyyət mənəvi-əxlaqi dəyərlər kontekstində
Əli Kərimin poeziyasının müəyyən bir qismini tarixi-siyasi və ədəbi şəxsiyyətlərə həsr olunmuş bədii nümunələr təşkil edir. Şair zaman-zaman əks etdirmək istədiyi mənəvi idealları tarixi şəxsiyyətlərin timsalinda gerçəkləşdirməyə can atmışdır. Bu ordan qaynaqlanır ki,Əli Kərimin yaradıcılığı Azərbaycan xalqının "...tarixi ilə, bu tarixin mənalı və səciyyəvi hadisə və dövrləri ilə üzvi surətdə bağlıdır" (1, s. 8). Bunun bir səbəbi sovet ideoloji rejiminin bəlli yasaqlarından qaynaqlanırdısa, digər səbəbi isə problemin təcəssümü üçün tarixi şəxsiyyətlərin uyğun bədii fon rolunu oynamasıdır. Bu baxımdan müəllifin müxtəlif dövrlərdə qələmə aldığı "Babəkin qolları", "Füzuli", "Xətayi", "M.Hadiyə", "Müşfiqə", "Van Qoqun günəşi", "Salyeri", "Habil" və başqa şeirləri mənəvi saflıq və əxlaqi bütövlük probleminin bədii ifadəsi üçün bir növ açar funksiyası daşımaqdadır.
"Babəkin qolları" şeirində müəllif Xürrəmilər hərəkatının başçısı, Azərbaycanın görkəmli tarixi şəxsiyyəti olan Babəkin qəhrəmanlığını özünəməxsus şəklidə canlandırır. Bu özünəməxsusluq qəhrəmanın ¬– tarixi şəxsiyyətin obrazının yaradılmasında ənənəvi tərənnüm üsulundan uzaqlaşıl¬ması, bənzərsiz bədii detallara üz tutulmasıdır:
Qolu sındırılmış Babək,
Yurdu yandırılrmış Babək,
Qan rəngli bir arabada,
Şərq boyda bir xarabada,
Söyə-söyə,
Döyə-döyə,
Hamıya görk olsun deyə
Kənd-kənd gəzdirilən Babək (4, s. 32).
Göründüyü kimi, müəllif şeirdə bədii obyekt olaraq seçdiyi tarixi şəxsiyyət olan Babəkin daxili-mənəvi dünyasını onun kəsilmiş qolları timsalında canlandırmağa çalışmışdır. Bu cür yanaşma şairə bir tərəfdən Babəkin qəhrəmanlığını, digər tərəfdən onun əzablarını, ağrılarını əks etdirməyə imkan vermişdir.
Ölübən-dirilən Babək;
Qollarını görməyəndə
Azca rahat olan Babək;
Bir qırmızı yuxu içrə:
Uzaqlara dalan Babək.
Deyən Babək: - Aman dostlar,
Hücum çəkin qoşun-qoşun,
Orda mənsiz qılınc çalan
Qollarımla bir vuruşun (4, s. 32)
Müəllifin orijinal yazı tərzi həcmcə o qədər də böyük olmayan bədii mətndə dərin və düşündürücü fəlsəfi fikirləri ustalıqla ümumiləşdirməsinə imkan vermişdir. Şair müraciət etdiyi tarixi şəxsiyyətin qəhrəmanlığı fonunda, eyni zamanda, yaşadığı cəmiyyətin problemlərini canlı və aktiv şəkildə bədii gündəmə gətirmişdir.
Böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr etdiyi eyniadlı şeirdə ictimai məsələlərə ağırlıq verən müəllif onun yaradıcılığından çıxış edərək yaşadığı dövrün problemləri ilə assosiativ əlaqə qurur, dolayısı ilə özünün də bağlı olduğu Şərqin taleyini diqqət mərkəzinə çəkməyə çalışır.
Dünya səni qocaltdı yaşıdın olsun deyə
Gömüldü dərdin yerə, ucaldı ahın göyə.
Dərdə şərik - dərd özü, sükut - suala cavab.
Qranit dağlar belə, gətirməzdi buna tab.
Füzuli, o nə dövran!.. – Görsələr yanır insan
Yanana od verdilər. (4, s. 32).
Əli Kərimin "Füzuli" şeirini ənənəvi poetik örnəklərdən fərqləndirən əsas məqam burada ədəbi-tarixi şəxsiyyətə müasirlik prizmasından yanaşılması, yaradılan bədii kontrast fonunda dövrün sosial-siyasi ziddiyyətlərini böyük sənətkarlıqla əks olunmasıdır.
Dünya səni qocaltdı –
cavan görünsün deyə,
Yanğınlar tüstüsütək
ahın ucaldı göyə.
Sən od tutub alışdın.
Bu odu qoca Şərqin
hər yerindən gördülər –
Gördü bu doğma yerin.
Bütün bu gen dünyanın
gözləri göydə qaldı. (4, s. 33)
Əli Kərimin yaradıcılıq yolunu hərtərəfli şəkildə təhlil obyektinə çevirən AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev onun tarixi şəxsiyyətlərə həsr olunmuş şeirlərini səciyyələndirərək yazır: "Onun fitrətində siftədən şairlik istedadı var idi; ancaq məhz bu səpkidə – belə üslubda yazmaq həyatının şüurlu dövründə müəyyənləşdi. O, klassik ədəbiyyatımızı da gözəl bilib. Nəsimiyə, Füzuliyə şeir həsr edib; bu şeirlər yubiley plakatı deyil, onların şair obrazından elə cizgilərdir ki, bu cizgilər onların üslubunun iliyinə gedir – onları duyan, bilən adam bu cizgiləri görə bilər. O, Füzulini dünyanın rəqibi, sirdaşı səviyyəsinə çatdırır: "Dünya səni qocaltdı yaşıdın olsun deyə... Dünya səni qocaltdi cavan görünsün deyə" (4, s. 11).
Görkəmli alim mülahizələrini davam etdirərək bəhs olunan məqamla bağlı qənaətlərini aşağıdakı kimi yekunlaşdırır: "Əli Kərimdə çox ifadələr, misralar, fikirlər var ki, onlar Füzuli sənətinin kökündən cücərmiş pöhrələrdir. O, Füzulinin "elmsiz şeir əsassız divar olur" düsturunu özü üçün sənət devizi götürür: "Söz axtardım, tapmadım, misram qopub töküldü özülsüz divar kimi". Və ya bu bədii lövhələrdəki sələf-xələflik münasibəti, irsi yaxınlıq əlamətləri aydınca seçilir: "Bu nə sirdir ki, olur hər ləhzə yoxdan var söz" (Füzuli); "Bircə olmayaydı... ağızda söz kimi görünməzliyin" (Ə. Kərim). Eyni zamanda Əli Kərim "Söz çıxıb ceyran dalına..." deyən ağsaqqal müasiri Rəsul Rzanın səsinə səs verir: "Girdim söz dünyasına, çox gəzdim, çox aradım kəşfiyyatçılar kimi". Ancaq Füzulidən qığılcım, Rəsul Rza nəfəsindən qətrə düşən bu şeiri görün necə də nə Füzuliyə, nə də Rəsul Rzaya oxşayan tərzdə bitirir, layla mışıltılı bir mənzərə göstərir: "Yorulmuşdum... Uzandım bu sözün yamacına başımı söykəyərək". Bütün bu paralellərdə, sələf-xələf səsləşməsində Əli Kərim sənətinin poetikası aşkarlanır. O, klassiklərin ancaq poetik təcrübəsi ilə deyil, həm də estetik normaları ilə yaxından tanış olmuş, öz poeziya yolunu, bu poeziyanın dil-üslub tonunu, bədii boya alma üsulunu şüurlu surətdə seçmişdir" (4, s. 11).
Əli Kərimin ədəbi-tarixi şəxsiyyətlərə həsr olunmuş "Xətayi", "M.Hadiyə", "Müşfiqə", "Van Qoqun günəşi", "Salyeri", "Habil" və digər şeirlərində də bu və ya digər dərəcədə eyni motiv müşahidə olunmaqdadır.
Təhlillərdən aydın şəkildə göründüyü kimi, Əli Kərimin poetik yaradı¬cılığında tarixi şəxsiyyətlərə üz tutulması məqsədli səciyyə daşıyır. Belə ki, müəllif əksər hallarda mənəvi-əxlaqi problemlərlə bağlı öz qənaətlərini tarixi şəxsiyyətlərin timsalında canlandırmağa çalışır.
• Humanizm və milli-mənəvi yaddaş problemi
Yzıları ilə ötəri tanışlıq göstərir ki, Əli Kərim yaradıcılığının məzmunu və mahiyyəti etibarilə humanist dəyərlərə sahib ədəbi şəxsiyyətlərdən biridir. O hansı mövzuda yazırsa yazsın, əsərlərində bəşəri prinsiplərdən çıxış etmışdır. Əli Kərim bütün yaradıcılığı boyu mənsub olduğu mühitin zahiri tərəflərini əks etdirməyə çalışmamış, həyatın "...dərin qatlara enməyə çalışmış, hamını düşündürən ciddi mətləbləri tərənnüm edən bir şair kimi tanınmışdır. Bu o deməkdir ki, həyatımızın iki zidd qütbü var, dünyada hələ də xeyirlə şər, yaxşılıqla pislik, humanizmlə vəhşilik, işıqla zülmət, yaşa¬maqla ölüm əlbəyaxa döyüşdədir. Çətin və ağır olsa da, son nəticədə işıqlı amallar qalib gəlir. Bu böyük və humanist sənətkarın yeri ön sıralardadır" (1, s. 10).
Lakin qeyd etmək lazımdır ki, Əli Kərimin poeziyası bəşəri-humanist mahiyyət daşıdığı qədər eyni səviyyədə milli-mənəvi yaddaş probleminə söykənməkdədir. Bu mənada şairin "Daş" adlı şeiri bəhs olunan problemin şərhi üçün daha çox material verir:
Yarıçılpaq,
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı.
Daş düşmədi
Amma yerə,
Uçub getdi
Üfüqlərdən üfüqlərə.
Deməyin ki, daş yox oldu
Daş çevrilib bir ox oldu.
Oldu qılınc,
güllə,
mərmi.
Dayanmadı fikir kimi.
Atom oldu. (4, s. 51).
Təqdim olunan misralardan göründüyü kimi, şairi dünyanın gələcək taleyi narahat edir. Lakin o öz narahatlığını adi, publisistik təfəkkürə söykənən çılpaq misralarla ifadə etmir. Əksinə, gələcəkdə bəşəriyyəti gözləyən faciələrin böyüklüyünə qaçılmazlığına yönəltməklə insanları tarixin dərslərindən ibrət almağa, ayıq olmağa səsləyir. Müəllif dünyanı təhdid edən hərbi güclərin, gündən-günə dərinləşən qarşıdurmaların, çözümü mümkünsüz olan münaqişələrin gerçək mənzərəsini yaratmaq üçün yaşadığımız dünyanın fəlakətlərinin haradan qaynaqlandığını bir şair-filosof kimi canlandırmağa çalışır. Onun lirik qəhrəmanı ibtidai icma dövründən günümüzədək məsafələr qət edən insandır. Şairin qənaətincə, bir zaman düşməninə daş atan bu insan bu gün atomla silahlanırsa, mahiyyətcə dəyişməmişdir.
Həmin o daş
İndi yenə dayanmayır,
uçur hara?
O, neytron, elektron –
Dönüb
nələr,
nələr olur.
Alov olur,
ölüm olur,
zəhər olur
Ey həməsrim,
Həqiqətin qan qardaşı,
Dayandıraq olmazmı, de,
Yarıçılpaq,
yarıvəhşi,
Qədim insan
atan daşı?! (4, s. 51-52)
Dərin sosial-fəlsəfi ümumiləşdirmələrlə müşayiət olunan şeirin insana müraciətlə tamamlanması təsadüfi deyildir. Çünki dünyanı fəlakətlərə aparacaq amalların baiskarı insan olduğu kimi, bəşəriyyətin nicatı da insanın əlindədir. Şeirdən hasil olan qənaətə görə, yer üzündə yaşanmış və bundan sonra da yaşanacaq faciələr cəhalətdən qaynaqlanır. Bu mənada müəllif düşməninə daş atan "yarıçılpaq", "yarıvəhşi" insanla atom əsrinin sakinləri arasında elə bir fərq görmür. İnsanlar elmi-texniki tərəqqi əsrində yaşasalar da, zehniyyət baxımından prinsipial dəyişikliyə uğramamışlar.
Əli Kərimin şeirlərinin bir qismində ata-ana sevgisi, valideyn-övlad münasibətləri cəmiyyəti düşündürən ciddi problemlərdən biri kimi bədii təcəssümünü tapmışdır. Şairin "Qaytar ana borcunu", "Ana", "Analar ağlar", "Atamın xatirəsi", "Gecə uşaqlar yatır", "Uşaq", "Paşanın ilk uçuşu", "Vəsiyyət" və başqa şeirləri bu qəbildəndir.
"Qaytar ana borcunu" şeirində ana-oğul münasibətlərinə diqqət yönəldən şair Azərbaycan xalqının milli adət və ənənələrinə söykənərək mənəvi-əxlaqi problemlər işığında canlandırdığı lirik qəhrəmanın ağrı, əzab və iztirablarını orijinal bədii tərzdə təqdim edir:
Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə,
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına.
...Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki, "Gör neçə aya getdi?!"
Ana yuxularında tez-tez Bakıya getdi.
Ana məktub yazdı ki, "Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən,
göndərərəm canımı".
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi,
gəlmədi tətil oldu, (4,s. 127).
Ana-oğul münasibətlərinə həsr olunmuş bu şeirdə müəllif olduqca ciddi əxlaqi problemə toxunmaqla cəmiyyətin mürəkkəb münasibətlər kontekstində tənhalaşan anaların – valideynlərin fəryadını əks etdirmək mərami izləmişdir. Övladı üçün canını verməyə hazır olan ananın bütün səylərinə və fəda¬karlığına baxmayaraq, qarşı tərəfdən biganəlik görməsi onun ruhi sarsıntısına səbəb olur. Oğlunu qaytarmaq deyil, sadəcə görmək üçün hər şeyə hazır olan ananın iztirabları bədii mətnin fövqünə qalxır. "Qaytar ana borcunu" şeiri aşağıdakı ibrətamiz misralarla tamamlanır:
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar onun borcunu,
O borc sənin özünsən,
özünü qaytar geri! (4, s. 129)
Əli Kərimin "Qaytar ana borcunu" şeirini böyük Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlının "Ana" əsəri ilə müqayisə edən ədəbiyyatşünas Sona Xəyalın mülahizələri maraq doğurur: "Bu şeir Cəfər Cabbarlının “Ana” şeirindən sonra ikinci yerdə durur desək, yanılmarıq. Burada ana borcunun qaytarılmasının mümkünsüzlüyünü bilən şair oğuldan “özünü istəyir”. Ana obrazını yaradan şair ananın səciyyəvi cəhətlərini sadalamır, onun əvəzində ananın yaratdığı oğulu təsvir edir. Yəni, yaranmış varlıq ilə yaradanın böyüklüyü açıq¬lanır" (2, s. 63).
Əli Kərimin "Ana" şeirində də mənəvi-əxlaqi problemlər orijinal səpkidə bədii əksini tapmışdır.
Demirəm, göy kimi ucadır adın,
Yox, yox alçalmasın söhbətin, sözün.
Sən ki yaranışdan oxşar olmadın,
Ancaq özün kimi böyüksən özün.
Əyilib alnından öpəndə hərdən
Könül dodağıma bir də öp, - deyir.
Ağarmış saçına əl vuranda mən
Əlim Şah dağının başına dəyir (4, s.40).
Şair yaratmış olduğu Ana obrazını Vətən obrazı ilə bütünləş-dirərək lirik qəhrəmanının daxili-mənəvi dünyasını özünəməxsus səp¬kidə əks etdirməyə nail olmuşdur.
Mən səni bağrıma basanda bərk-bərk,
Gör nələr düşünüb, nələr duyuram!
Elə bil Göyçaydan Kamçatkayadək
Vətən torpağını qucaqlayıram (4, s. 40).
Qeyd edək ki, yalnız təhlilə cəlb olunan şeirlərdə deyil, Əli Kərimin digər əsər¬lərində də humanizm və milli-mənəvi yaddaş problemi ilə bağlı motivləri müşahidə etmək mümkündür.
• Şairin məhəbbət dünyası
Bəlli olduğu kimi, Azərbaycan poeziyasında məhəbbət mövzusunun işlənilməsinin qədim və zəngin bir tarixi vardır. Azərbaycan ədəbiyyatının dahi şəxsiyyətləri olan Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Saib Təbrizi, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Məhəmməd Hadı, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Məhəm¬mədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Fikrət Qoca və başqaları zaman-zaman bu mövzuya müraciət etmiş, biri-birindən dəyərli poetik örnəklər yaratmışlar. Divan ədəbiyyatında olduğu kimi, çağdaş poeziyada da məhəbbət mövzusu bədii obyekt olaraq öncüllüyünü qoruyub saxlamaqdadır. Bu da təsadüfi deyildir. Çünki sözün geniş mənasında heç bir mənəvi keyfiyyət məhəbbət qədər insanın xarakterində və taleyində iz burax¬mamışdır.
Əli Kərimin poeziyasında təmiz, saf məhəbbətin tərənnümü mühüm yerlərdən birini tutur. "Bu lirikanın bədii qüdrəti insan qəlbinin duyğu və həyəcənları, insan gözəlliyini böyük sənətkarlıqla vəsf etməsidir. Şairin şeirlərində qəlbin dərinliklərində işləyən, ürək tellərini ehtizaza gətirən, ruhlara, əsəblərə rahatlıq çiləyən dərin lirizm, hiss və həyəcan vardır. Şairin istər ideya məzmun, istərsə də forma etibarilə çox zəngin olan lirikasında insan məhəbbətinin inikası xüsusi yer tutur. Ancaq onun əsərlərindəki məhəbbət heç də intim, fərdi hisslərin ifadəsi olmayıb, dərin ictimai mahiyyət daşıyır" (1, 79). Doğru müşahidədir, ədəbiyyatşünas alimin qənaətləri ilə razılaşmamaq mümkün deyildir.
Bu mənada Əli Kərimin də yaradıcılığı istisna deyildir. O, yaradıcılığa baş¬ladığı ilk dövrlərdən məhəbbət mövzusunda maraqlı, bənzərsiz əsərlər yazmışdır. Şair sonrakı illərdə də bu sahədə poetik axtarışlarını davam etdirmişdir.
Əli Kərimin məhəbbət mövzusunda yazdığı poetik nümunələr içərisində "Qayıt", "İki sevgi","Çətin görüş"və bir çox digər şeirlər xüsusi yer tutur. Öz sələflərindən fərqli olaraq onun lirik qəhrəmanı real dünyanın qayğı və problemləri içərisində yaşayan, lakin bununla belə həyatın romantikasını bir an belə unutmayan obrazlar kimi diqqəti çəkir.
"Qayıt" şeirində şair ayrılığın, həsrətin daxili dünyasında yaratdığı mənəvi boşluğu əks etdirmişdir. Bəxtiyar Vahabzadə “Mənəvi dayaqlarımız” adlı məqaləsində "Qayıt"şeirini özünəməxsus səpkidə dəyərləndirərək yazır: “Görün, insan mənəviyyatında sahmanın pozulması Kainatla, kosmik obrazlarla necə bağlanıb! Görün, şair sevgiyə, insan münasibətlərinə necə yüksək səviyyədən baxır, bu münasibətlərin dramatizmi, gərginliyi necə ümumiləşdirilir. Şeir də bir gözəllik kimi kainatımızı sahmana salmalıdır” (9, s.144).
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim. (4, s. 153).
Şairin qənaətincə, sevgilisindən ayrı düşməsi onun yalnız mənəvi dün¬yasını deyil, real, gerçək dünyasını da büsbütün dağıtmışdır. Şair İsa İsmayılzadə isə bu şeirə münasibətini belə bildirir: “Qayıt, sahmana sal bu kainatı”. Təkcə bu misra hər şey deyir: doğma bir adamın həsrəti, gərəkliyi, onun bu dünyanı, kainatı kimin üçünsə sahmana salması – “dərdli səhərləri, gecələri, Ayı, günəşi yerbəyer eləməsi” adi məntiqə sığmayan bir poetik həqiqət kimi səslənir” (3).
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı! (4, s. 153)
"Yaradıcılığının son illərində yazdığı “Qayıt” şeiri Əli Kərimin lirikasında əhəmiyyətli yer tutur. Bizim qənaətimizə görə, “Qayıt” şeiri məhəbbət lirikası ilə fəlsəfi lirikanın vəhdətindən yaranmışdır. Bunlardan hansının üstünlük təşkil etdiyini söyləmək çətindir. Dörd bənddən ibarət olan şeirin birinci iki bəndində məhəbbət, son iki bəndində isə fəlsəfi motivlər elə çulğamış, birləşmişdir ki, onları bir-birindən ayırmaq çətindir" (7, s.179).
Şairin təxminən eyni poetik ovqatda qələmə alınan "İki sevgi" şeiri məhəbbətin mənəvi-əxlaqi baxış bucağından dəyərləndirilməsi baxımından səciyyəvi cizgiləri ilə seçilir. Professor Cavanşir Yusiflinin fikrincə, "İki sevgi" şeiri onun poeziyada bütün ömrü boyu ifadə etmək istədiyi manifestinin müəyyən parlaq məqamı sayıla bilər. Şeir boyu intonasiya, poetika elə qurulur, elə bir formul daxilində hərəkət edir ki, burada sabit şəkildə müşahidə edilən, daim sabit mövqedə dayanan obraz (allı-güllü obraz, həm də insanı qəfil yaxalayan, çaşdıran obraz) əvəzinə əvvəldən sona kimi batıb-çıxan obraz münasibətin şahidi oluruq. Bu hal həm də artıq edilmiş bir seçimdir: "İki sevgi" (10, s.46).
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Susuzluğun od vurub köz kimi
yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub,
- Kabab üstdən sərin su pis olmaz -
deyən kimi (4, s. 157).
Şair qarşılaşdırdığı obrazların fonunda ilahi bir duyğu olan məhəbbətə iki fərqli baxış tərzini ortaya qoya bilmiş, bununla təkrarsız bədii lövhə yarat¬mışdır. Belə ki, şeirdə canlandırılan lirik qəhrəmanların biri yüksək mənəvi keyfiyyətə malik aşiqdir. Şair qıza müraciət edən bu qəhrəmanın dili ilə duyğuların orijinal metaforik kontrastını yarada bilmişdir.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver
bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə (4, s. 158).
Həcmcə o qədər də böyük olmayan "İki sevgi" şeirində şairin yüksək poetik sənətkarlıqla yaratmış olduğu obrazlar bədii lövhə kimi oxucu yaddaşına həkk olur. Bu obrazların biri aktiv, digər ikisi isə passiv mövqedədir. Şeirin zəngin mənəvi-əxlaqi keyfiyyətlərə malik olan qəhrəmanın dili ilə canlan¬dırılması təsadüfi deyildir. Bununla şair sevgi münasibətlərində mənəvi key¬fiyyətlərin zəruriliyinə diqqəti yönəltmək istəmişdir.
"Əli Kərimin məhəbbət lirikasını fəlsəfi lirikadan ayırmaq çətindir, onlar çox vaxt bir-birinin davamı kimi “çıxış edir”, qırılmaz vəhdət təşkil edir. Məhəbbət sətirləri arxasında fəlsəfi fikirlər, fəlsəfi sətirlər arxasında məhəbbət duyğuları “gizlənir” və onlar çox vaxt bir-birini tamamlayır..." (7, 182).
Nəticə
Təhlillərdən göründüyü kimi, Əli Kərimin poeziyası mövzu, məzmun və problem baxımından olduqca zəngin və çox şaxəlidir. Şair yaşadığı cəmiyyəti düşündürən və narahat edən ən müxtəlif məsələlərə münasibət bildirmiş, onları şeirin bədii obyektinə çevirməyə bacarmışdır. Lakin müəllifin yaradıcılığında mənəvi saflıq və əxlaqi bütövlük məsələsi başlıca problem kimi özünü büruzə verməkdədir.
Əli Kərimin poetik yaradıcılığında mənəvi saflıq və əxlaqi bütövlük problemi daim diqqət mərkəzində olmuşdur. O, hansı mövzuda yazırsa yazsın, bu məsələyə ciddi önəm vermişdir. Şairin əsərlərində mənəvi saflıq və əxlaqi bütövlük probleminin bədii təcəssümü müxtəlif şəkildə gerçəkləşir.
Hər şeydən əvvəl, müəllif tarixi şəxsiyyət və mənəvi-əxlaqi dəyərlər kontekstində bəhs olunan problemin bədii inikasını vermişdir. Bunun bir səbəbi sovet ideoloji rejiminin bəlli yasaqlarından qaynaqlanırdısa, digər səbəbi isə problemin təcəssümü üçün tarixi şəxsiyyətlərin uyğun bədii fon rolunu oynamasıdır. Bu baxımdan şairin müxtəlif dövrlərdə qələmə aldığı "Babəkin qolları", "Füzuli", "Xətayi", "Məhəmməd Hadiyə", "Müşfiqə", "Salyeri", "Habil" və başqa şeirləri mənəvi saflıq və əxlaqi bütövlük probleminin özünəməxsus bədii ifadəsi kimi maraq doğurur.
Həmçinin qeyd olunmalıdır ki, Əli Kərimin şeirlərində humanizm və milli-mənəvi yaddaş müstəvisində əxlaqi saflıq və bütövlük məsələsigeniş şəkildə canlandırmışdır. Əli Kərim bütün yaradıcılığı boyu mənsub olduğu mühitin zahiri tərəflərini əks etdirməyə çalışmamış, həyatındərin qatlara enməyə çalışmış, xalqı, cəmiyyəti düşündürən, narahat edən ciddi məsələləri tərənnüm edən bir şair kimi tanınmışdır.
Əli Kərimin şeirlərinin bir qismində ata-ana sevgisi, valideyn-övlad münasibətləri cəmiyyəti düşündürən ciddi problemlərdən biri kimi bədii təcəssümünü tapmışdır. Şairin "Qaytar ana borcunu", "Ana", "Analar ağlar", "Atamın xatirəsi", "Gecə uşaqlar yatır", "Uşaq", "Paşanın ilk uçuşu", "Vəsiyyət" və başqa şeirləri bu qəbildəndir.
Şairin məhəbbətə həsr olunan şeirləri mənəvi-əxlaqi çalarlarla seçilməkdədir. O məhəbbəti yalnız insan hislərinin yüksək məqamı kimi təqdim etməmiş, həmçinin bu münasibətlərin mənəvi saflıq, kamillik, əxlaqi bütövlüklə bağlılığını vurğulamışdır. Başqa sözlə, Əli Kərimin sevən qəhrəmanı, eyni zamanda, zəngin mənəvi-əxlaqi keyfiyyətlərin daşıyıcısı mövqeyində dayanır.
Bir məsələni vurğulamaq lazımdır ki, Əli Kərimin məhəbbət lirikası mənəvi-əxlaqi keyfiyyətlərlə yoğrulmaqla yanaşı, həmçinin sosial motivlərlə zəngindir.
Bütövlükdə Əli Kərimin poeziyasında mənəvi saflıq və əxlaqi kamillik problemi başlıca leytmotiv kimi çıxış edir. Şair hansı mövzuda yazırsa yazsın, bu problemdən yan keçə bilməmişdir. Başqa sözlə, mənəvi saflıq və əxlaqi bütövlük məsələsi müəllifi daim düşündürmüş, onun yaradıcılıq kredosuna çevrilmişdir. Əli Kərimin poeziyasının yaşarılığını şərtləndirən amillərdən biri məhz bu məqama söykənir.
İstifadə olunmuş ədəbiyyat
1. Əliyeva İfrat. Çırağı sönməyən poeziya, Bakı: "Elm və təhsil" nəşriyyatı, 2017, 320 s.
2. Xəyal Sona. Əli Kərim (yaradıcılığı əsasında), Bakı: "Elm və təhsil" nəşriyyatı, 2011, 102 s.
3. İsmayılzadə İsa. Duyğular poeziyası, "Ədəbiyyat və incəsənət" qəzeti, 13 fevral 1971.
4. Kərim Əli. Seçilmiş əsərləri, I cild, Bakı: "Lider" nəşriyyatı, 2004, 336 s.
5. Kərim Əli. Seçilmiş əsərləri, II cild, Bakı: "Elm və təhsil" nəşriyyatı, 2012, 500 s.
6. Məmmədov Altay. Tanıdığım Əli Kərim, Bakı: "Elm və təhsil" nəşriyyatı, 2012, 429 s.
7. Məmmədov Fərrux. İllər arxasından görünən Əli (Əli Kərim lirikasının bəzi xüsusiyyətləri), "Azərbaycan" jurnalı, 2012, № 2, s.177-184.
8. Mustafayev Feyzi. Dinmə ey kədər, Bakı: "Yazıçı" nəşriyyatı,1986, 166 s.
9. Vahabzadə Bəxtiyar. Seçilmiş əsərləri, 12 cilddə, X cild, Bakı: "Azərbaycan" nəşriyyatı, 2005, 688 s.
10. Yusifli Cavanşir. Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış, Bakı: "Mütərcim" nəşriyyatı, 2010, 64 s.
Əhməd Sami Elaydi
Eyn Şəms Universiteti, Qahirə, Misir
|