Ön yarpaq
Həyatı
Kitablar
Haqqında yazılanlar
Əsərləri
Şəkillər
Videolar
Arxiv
Qonaq dəftəri 
Əlaqə
   
   

Xəlil Rza Ulutürk: Təmkin

Deyirlər şairlər çılğın, sərt olur,

Bəzən çaylar kimi aşıb daşırlar.

Gahdan qəzəblənir, gahdan pərt olur,

Tez-tez ipəkləşir, poladlaşırlar.

Deyirlər şailər qızğın, dəlisov...

Mən onda görmədim bu sifətləri.

Kiçik yumruğunda həbs eləmişdi,

Qəlbində qışqıran qiyamətləri.

Onun tufanları içəridəydi

Üzdə sakit olan ümmanlar kimi.

Ətəyi çiçəkli...

dərinlikləri

Bəbirli, qaplanlı ormanlar kimi.

İlhamı şəlalə, özü bir dəniz.

Yadımdan çıxmayır sakit durması,

Sənət güləşində səssiz-səmirsiz

Sözün arxasını yerə vurması.

Böyük məclislərə, gur salonlara

Bizim hamımızdan çox yaraşırdı.

Ancaq kürsülərdə görmədik onu

Kürsüdən yüksəkdə küysüz yaşardı.

İynə tikanların, boz yarpaqların,

Bəzən külək qıran sıx budaqların,

Üstündə yetişən gülöyşə narlar.

Yəqin ki, beləcə əmər günəşi.

İçər quraqlıqda son damla şehi

Səssiz-səmirsiz.

Açıb geniş-geniş qanadlarını,

Çovğuna, gürşada məhəl qoymayan

Səhra qartalları, dağ qartalları

Yəqin ki, beləcə süzər göyləri

Səssiz-səmirsiz.

Əcəl qapısını kəsəndə vaxtsız

Bir qələm götürdü, bir yarpaq kağız.

Kağızdan yeri tək, işıqlı təmiz.

Ölümün gözünə ölüm hökmütək

Yazdı son şeirini

Səssiz-səmirsiz.

Göyçayda bəzəksiz bir məzar durur,

Nə qədər istəkli, nə qədər əziz.

Vətən güllərini qoyub üstünə

O qəbri qızıla tutmalıyıq biz,

Səssiz-səmirsiz.

 
© Copyright 2013 Eli-Kerim.net | Bütün hüquqlar qorunur