Ön yarpaq
Həyatı
Kitablar
Haqqında yazılanlar
Əsərləri
Şəkillər
Videolar
Arxiv
Qonaq dəftəri 
Əlaqə
   
   

Məmməd İsmayıl: O kim idi...

Hardasa,

gələcəkdə bir gözəl yaşayırdı.

Mən ona göndərərdim fikir teleqramları.

Hardasa,

gələcəkdə bir gözəl yaşayardı

Sorağında ilk eşqin çağlayan ilhamları.

Sevgi dalğalarında ruhumun siqnalları.

- Gəlirəm,

gözlə məni-bu boyda, bu nişanda.

Ya piyada, ya atlı aşıb qarlı yolları,

Sabahına geciksəm, gözlə şər qarışanda.

Gecələrdən baş alan yollar-yaz yuxuluydu,

Nəydi ömrə təsəlli, ömrün naşı çağında?!

Mən idim...

gələcəkdi...

yaşamaq arzusuydu...

Məhəbbət dövr edirdi ömrün üçbucağında.

Sevgi dalğalarında ruhumun siqnalları;

Gəlirəm-gözlə məni bu boyda, bu nişanda.

Düşdüm yolun ağına, aşdım qarlı yolları,

Sabahına gecikdim,

gözlə şər qarışanda.

Ya məndə oyanmadı, ya səni oyatmadı,

Tuş gəlmədi yada ki, hisslər biri birinə.

Yağış oldu, qar oldu, fikrim sənə çatmadı,

Mən gecikdim, ya da sən eşqin vədə yerinə.

Yuxularda arzumun arxasınca qaçanda

Bir qızın dizi üstə yatdığım neçə ilmiş.

Ömrün oyanış çağı gözlərimi açanda

Başım üstə dayanan qız, yox, o qız deyilmiş.

Yox, gəldi bir özgəsi, baxmadı ömrə, yaşa

Dondurdu damarımda çağlayan al qanları.

Çağırılmamış bir qonaq çıxdı yuxarı başa,

Söndürüldü qəlbimin inadkar vulkanları.

Hanı o xəyali qız-illərin əlvanlığı

Yoxsa, dünya əzəldən qəmli sükunətiymiş?!

Bəs nə imiş o ömrün ilkin dəliqanlığı,-

Ya atadan, anadan hazır məhəbbətiymiş?!

Hanı o xəyali qız,

Yoxsa, əlvan hissləri sükut donu geyindi?!

Nə idi varlığımı çulğalayan nə idi?!

O bu təmizliyiylə yer adamı deyildi,

Ya ilhamın özüydü, yada ki, mələk idi.

Gecikdi, ya tələsdi

şığıyan qatarlara

Çıxmadı məndən gələn siqnalların səsinə.

Gecikdi, ya tələsdi

açılan baharlara,

Düşdü arzularımdan sevgi xatirəsinə.

Haçan yollara çıxdım yazıydı, payızıydı,

Hansı şirin arzumun qaldım künc-bucağında?!

Mən idim...

gələcəkdi...

o xəyali qızıydı,

Yolumuz qovuşmadı eşqin üçbucağında.

Deyirəm nə olaydı

Ömrün astanasında - 13-14 yaşında,

Əvvəlkitək ac-susuz,

lap yuxusuz olaydım.

Nabələd keçəcəyim bu yolların başında

O inam, ümid yeri -

xəayli qız olaydı!

Mən ona göndərəydim fikir teleqramları,

Deyəydim:-

gözlə məni bu boyda bu nişanda.

Ya piyada, ya atlı aşıb qarlı yolları

Sabahına gecikdim, gözlə şər qarışanda!...

 
© Copyright 2013 Eli-Kerim.net | Bütün hüquqlar qorunur